O qadınları seks sektasına cəlb edirdi - Azərbaycanlı qızın şikayəti ilə 8 658 il iş aldı

2021-ci ilin yanvarında təkamül nəzəriyyəsini inkar edən məşhur teleaparıcı Adnan Oktar Türkiyədə 1075 il həbs cəzasına məhkum edilib. Sonra o, cinayət təşkilatı yaratmaqda, uşaqların cinsi istismarında, dələduzluqda və bir çox başqa cinayətlərdə təqsirli bilinib. 2022-ci ilin noyabrında apellyasiya məhkəməsi cəzanın kifayət qədər ağır olmadığını müəyyən edib və məhkəmənin yenidən baxılmasına qərar verib. Nəticədə Oktarın həbs müddəti 8 658 ilə qədər artırılıb. Bu ölkə tarixinin ən uzun müddətli həbslərində biri olub.

Dünyaca məşhur teleaparıcının qadınları və kişiləri öz seks sektasına necə cəlb etməsi və Oktarın tərəfdarlarının onun həbsində niyə Britaniya sui-qəsdinin izlərini görməsi - Buta.media-nın materialında.

“Gucci ayaqqabılı və rəngli kitablı türk adamı”

Adnan Oktar 1970-ci illərin sonlarında təbliğata başlayıb. İnamlı bir kreasionist olduğu üçün o, təkamül nəzəriyyəsini rədd edib və onun məktəblərdə tədrisinin dayandırılmasını tələb edib. 1980-ci illərin əvvəllərində belə radikal fikirlər Oktarı məşhurlaşdırıb. Bundan əlavə, o, uzun illər Türkiyənin A9 telekanalında mini ətək geyinmiş qadınların rəqsləri ilə teoloji müzakirələrin bir arada yaşandığı müəllif proqramına aparıcılıq edib: İslam təbliğatçısının “kedicik” adlandırdığı qısa geyimli qızlar müntəzəm olaraq efirdə rəqs edirdilər və “şir” adlandırdığı gənclər mahnı oxuyurdular.

Oktarın təkamül nəzəriyyəsini rədd edərkən əsas arqumenti, Darvinin nəzəriyyəsi ilə bağlı əsərlərdə təxminən eyni görüntülərin olması və bunların arasında heç bir mühüm detalın – “ara-keçid növləri”nin olmaması idi. Bundan o belə nəticəyə gəldi ki, ümumiyyətlə, “ara-keçid növləri” yoxdur. Əgər “ara-keçid növləri” yoxdursa, bu, Darvinin nəzəriyyəsinin səhv olduğu anlamına gəlir. Təkamül nəzəriyyəsi səhvdirsə, Oktarın da qeyd etdiyi kimi, orqanizmlər daha yüksək qüvvələrin əmri ilə təkamül edib. Və əgər daha yüksək qüvvələr varsa, o, Allahdan başqası deyil, - deyə təbliğçi öz mülahizəsində belə nəticəyə gəlib.

Şöhrətinin başlanğıcında, 1980-ci illərin sonlarında Oktar ilk dəfə polisin diqqətini çəkib. Müsahibədə səsləndirdiyi “Mən türkəm, millətim İslamdır” ifadəsinə görə Türkiyə Cinayət Məcəlləsinin 163-cü maddəsi (“Dindən və ya dini hisslərdən, habelə dini ziyarətgahlardan dünyəvi dövlətin sosial, iqtisadi və ya siyasi sistemini qismən dəyişdirmək, həmçinin dini ideyaların təbliği məqsədi ilə istifadə etmək) həbs edilib və teokratik inqilab hazırlamaqda ittiham olunub.

Daha sonra onu həbsxana klinikasına yerləşdiriblər və anankast şəxsiyyət pozğunluğu və şizofreniya diaqnozu qoyublar.

Lakin sonradan Oktara bəraət verilib. Bundan əlavə, Oktar tam psixi sağlamlıq haqqında sertifikat almağa və ictimai fəaliyyətə qayıtmağa müvəffəq olub.

Oktar həm də yazıçı idi və əsərlərini Harun Yəhya təxəllüsü ilə nəşr etdirdi. Onun 76 dilə tərcümə edilmiş 300-ə yaxın kitabı, həmçinin müxtəlif siyasi və dini mövzularda, xüsusilə kreasionizm mövzusunda çoxlu məqalələri nəşr olunub.

Oktarın Yaradılış atlası kitabı

Oktarın ən əhəmiyyətli kitabları “Təkamül nəzəriyyəsinin çöküşü”, “Yaradılış atlası”, “Darvinizmin insanlığa gətirdiyi bələlər”, “Sosial darvinizm”, “İnsanın yaradılış möcüzəsi”, “Təkamül nəzəriyyəsi - tarixin ən böyük saxtakarlığıdır”, “Göklerdeki İhtişam”, “Düşünən insanlar üçün”, “Kainatın yaradılması”, “Quran möcüzəsi”, “Qurandan İslam haqqında cavablar”.

Oktarın şübhəsiz ki, müttəfiqlərinin olduğu genişmiqyaslı kampaniyasının nəticəsi, təkamül nəzəriyyəsinin insanın yaranması ilə bağlı hissəsinin 2017-ci ildə Türkiyədə məktəb proqramından çıxarılması oldu. 

“Düzünü desəm, mən inana bilmirəm ki, “Gucci” ayaqqabılı və rəngli kitabları olan bir türk elm adamlarından daha çox etimad qazana bilib”, – rusiyalı bloger Mixail Lidin televiziya təbliğatçısının təsirindən qəzəblənib.

“Əllərimi bütün bədənimdə hiss etdim”

1990-cı ildə Adnan Oktar “Elmi Araşdırmalar Fondu” adlı təşkilata rəhbəri olub, və bu qurumdan qismən öz təriqətini ört-basdır etmək üçün istifadə edib. Televiziyaçı Quranın öz şərhləri ətrafında bir növ kult yaradıb. Natiqin fikirləri onun A9 kanalının efirində təxribatçı geyimdə və parlaq makiyajlı qızların görünməsi səbəbindən tez-tez ictimai qınağa səbəb olub. Tamaşaçıların hücumlarına cavab olaraq Oktarın vəkilləri onun fəaliyyətini pisləyənləri məhkəməyə verib.

Oktar təriqətinə daxil olmaq üçün ailə ilə əlaqəni kəsmək, videoya çəkilən seks orgiyalarında iştirak etmək lazım idi. Adnan bu qeydlərdən istifadə edərək, təhlükə yarananda sekta üzvlərini şantaj edirdi. Televiziya təbliğatçısı seks qurbanlarından bəziləri azyaşlı olub.

Oktar öz kultuna ancaq özünə inam yarada bilən və potensial qurbanları cəlb etməyə davam edən cazibədar gəncləri qəbul edib. O izləyicilərinə bahalı markalı paltarlar geyindirirdi, və onlara mənzillər alırdı. Bu mənzillərdə baş verən hər şey lentə alınırdı.

Dünyanın ən heyrətamiz gözəlliyi qadınlardır. Qadınlar həm də behiştin ən gözəl yaradılışı və zinətidir. 

Adnan Oktar

“Küçədə məni qardaşlığa aparan bir oğlanla tanış oldum. Məni Oktar ilə tanış edəndə 16 yaşım var idi. Danışığı ilə sözün əsl mənasında məni heyran etdi. Adnan bəy dedi ki, mən namaz qılmalıyam, amma hamı kimi yox, gündə iki dəfə çılpaq halda. Bir neçə gündən sonra məni Adnan Oktara məxsus xüsusi evlərə dəvət etməyə başladılar”, - deyə Oktarın qurbanlarından biri xatırlayır.

Oktar təriqətinə düşən qızlar hipnoz olunduqlarını iddia ediblər. Xüsusən də təbliğatçı davamçılarını inandırıb ki, cəmiyyətin digər “qardaşları” ilə cinsi əlaqəyə girsələr, “Allah onların mükafatını o biri dünyada verəcək”. 

“Qısa müddətdə mən sektadan 42 kişi ilə yatdım. Sonra uzun müddət cinsi yolla ötürülən xəstəliklərdən müalicə olundum”, - deyə aparıcının qurbanlarından biri etiraf edib.

Adnan Oktar və kedicikləri

Təbliğatçı qurbanlarını cəmiyyəti tərk etsələr, “şərtsiz cəhənnəmə gedəcəkləri” ilə hədələyib. 

“Bizi bahalı Versace mebeli, plazma televizorları, yaxşı təchiz olunmuş lüks yataq otaqları olan evlərə apardılar. Bir dəfə “qardaşlar”dan biri mənə və iki qıza açıq dekolte taxıb otağa getməyi əmr etdi. Daha sonra Adnan Oktar içəri girdi və gülümsəyərək dedi ki, nəzarəti həyata keçirir - bütün bədəni əlləri ilə hiss etdi, ağzımızı açdı və heyvanlar kimi dişlərimizi yoxladı, - deyə Oktarın başqa bir keçmiş davamçısı xatırlayır.

Adnan və onun tərəfdaşları müxtəlif ölkələrdən qızları sektaya cəlb edirdilər. Oktar qurbanları iman qazanmalarına və həqiqi mömin olmağa kömək edəcəkləri və eyni zamanda dəbdəbəli həyat və səyahət vədləri ilə cəlb edirdi.

“Bütün bunlar Britaniya hökumətinin günahıdır”

Televiziya təbliğatçısının karyerasının enişi onun tələbələrindən biri, azərbaycanlı qızın Oktarı əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham edərək, bunun üçün narkotik və hipnozla qadınları qrup şəklində cinsi əlaqəyə sövq etdiyini açıqlamasından sonra başlayıb. Nəticədə, 2018-ci ilin iyulunda Türkiyə polisi Adnan Oktarı və onun  235 davamçısından 160-dan çoxunu saxlayıb. Onların hamısı cinayətkar dəstə yaratmaqda, dələduzluqda və cinsi zorakılıqda şübhəli biliniblər. Oktarın tərəfdarlarının saxlanması helikopter və dəniz polis bölməsinin qüvvələrinin iştirakı ilə səs-küylü və genişmiqyaslı olub.

Adnan Oktar 2018-ci ilin iyulunda həbs edilib

2021-ci ilin yanvarında Adnan Oktar 1075 il müddətinə azadlıqdan məhrum edilib. Onunla 78 nəfər tərəfdarı isə müxtəlif müddətlərə həbs cəzası alıblar.

Təbliğatçı cinayətkar təşkilat yaratmaqda, uşaqlara qarşı cinsi zorakılıq, təqib, azyaşlıları qaçırma, şantaj, saxta həbs, casusluq, dələduzluq və sənədləri saxtalaşdırmada təqsirli bilinib.

Lakin apellyasiya məhkəməsi tezliklə min illik cəzanı Oktar üçün çox yüngül hesab edib. 2022-ci ilin noyabrında 215 müttəhimin iştirakı ilə yenidən məhkəmə prosesi keçirilib. Nəticədə teleaparıcının həbs müddəti 8658 ilə qədər artırılıb.

Adnan Oktarın 8658 il müddətinə həbs olundu

Buna baxmayaraq, Oktarın bəzi tərəfdarları hələ də onun günahına inanmır və aparıcının onun həbsinin qurma olduğunu hesab edirlər. Adnanın tərəfdarlarının sözlərinə görə, Oktarın müdafiə hüquqları pozulur, vəkilləri təhdid edilir. 

“Oktarla bağlı yeni qadağalar sadəcə Türkiyə qanunlarını öldürür” onun tərəfdarlarından biri deyib və əlavə edib ki, təbliğçiyə həftədə üç dəfədən çox olmamaq şərti ilə vəkillə görüşə icazə verilir.

Oktarın bəzi davamçıları belə bir haqsızlığın “heç kəsin başına gəlmədiyinə” inanırlar. 

“Yeni qadağalar konstitusiyaya ziddir. Belə qəddarlıq hətta Şimali Koreyada da yoxdur”, - deyə onlar qəzəblənirlər. 

Teleaparıcının tərəfdarları da hesab edirlər ki, Oktara qarşı hətta terrorçulara münasibətdə belə istifadə olunmayan sərt tədbirlər görülür. 

“Hər kəs üçün ədalət olmalı olduğu halda, niyə Adnan bəyə bu qədər qadağalar qoyulur? Adam öldürüb? Bomba partladıb?”, - Oktarı dəstəkləyən “Twitter” sosial şəbəkə istifadəçisi soruşub.

Adnan Oktar A9 telekanalının efirində qızla rəqs edir

Televiziya təbliğatçısının özünün dediyinə görə, ona qarşı irəli sürülən bütün ittihamlar yalandır və “Britaniya tərəfindən hazırlanan sui-qəsddir”. Bundan əlavə, Oktar həbsi zamanı və görüşlərində dəfələrlə bildirib ki, onun cinsi təriqətinə cəlb edilən qadınlar “hamısını sevdiyinə və onlara heç vaxt əzab vermədiyinə” görə onun əleyhinə ifadə verə bilməzlər.

Britaniya kəşfiyyatı çoxdan bizə qarşı əməliyyat keçirmək istəyirdi. Bununla bağlı Türkiyəyə nümayəndə heyəti göndərilib. 

Adnan Oktar

Oktarın davamçıları həmçinin diqqətə çatdırırlar ki, ilahiyyatçı verilişlərdə sinə dekolteli geyimdə rəqs etdikləri üçün tənqid olunan qadın tələbələr əslində qanunu pozmurlar. “Adnan Oktarın işinə baxanda cinayətdən söhbət gedə bilməz” deyə onlar əmindirlər.

Adnan Oktar və kedicikləri

“Dahi və sadə”

Oktarın yazılarını oxuyan bir çox oxucu və onun keçmiş ardıcılları televiziya proqramlarını görənə qədər təbliğatçıya və onun əsərlərinə inandıqlarını etiraf ediblər. “Mən müsəlmanam, gəncliyimdə onun bu “kedicikləri” ilə bir video görənə qədər bu adama hörmət etmişəm. Onun necə bir müsəlman olduğunu başa düşmək üçün təkcə bu kifayət idi”, - deyə vaizin əsərlərinin keçmiş oxucularından biri bildirib.

Onun tərəfdarlarından bəziləri Oktarın təkamül nəzəriyyəsi ilə bağlı mövqeyindən təsirlənmişdi. “O qədər ilhamlandım ki, Darvinin və bütün Qərb filosoflarının fikirlərinin yanlışlığını sübut edəcəyimə inamla Biologiya fakültəsinə daxil oldum. Oxudum, öyrəndim və əvvəllər inandığım hər şeyin yanlış olduğuna əmin oldum”, - deyə Oktarın keçmiş tərəfdarlarından biri xatırlayır.

Oktarın niyə dünyada bu qədər izləyicisi olduğunu bilirsinizmi? Bəli, çünki seks orgiyaları Darvinin nəzəriyyəsini öyrənməkdən daha qədər maraqlıdır!

YouTube istifadəçisi

“Bu hekayədə mənim üçün ən şokedici fakt o idi ki, bütün bu möhtəşəmlik 2018-ci ilə qədər davam etdi. Hətta ona siyasi çəki qazanmağa icazə verildi! Həqiqətən, əmi əlaqələr qurmağı bilirdi!”, - Adnan Oktarın heyatı ilə tanış olanlar deyir.

Hər şey çox sadədir. Qadınlar həvəslə şirin nitqlərə, kişilər isə gözəl qadınlara yönləndirilir. Dahi və sadə!

YouTube istifadəçisi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

XƏBƏR LENTİ