Ayrıca ada və diskoteka - Emin Bakıdakı möhtəşəm layihədən danışdı

İş adamı və musiqiçi Emin Ağalarov Rusiyanın “Hello!” nəşrinə müsahibəsində “Sea Breeze” kurort kompleksinin inkişafından danışıb.

Bu il Rusiyadan turist axınının olduğunu deyən E.Ağalarov bildirib ki, “Sea Breeze”də mənzil, apartament, villa və şəxsi rezidensiya üçün sahə almaq istəyənləri sayı artıb. 

İş adamının sözlərinə görə, o, 15 ildir ki, “Sea Breeze”i kurort sahil şəhəri inkişaf prinsipi ilə qurur: 

“İndi biz “Niki” çimərliyi kimi layihələr inşa edirik - dənizdə ayrıca ada, və burada diskoteka olacaq ki, heç kimi narahat etməyək. Düşünürəm ki, biz tezliklə “Rixos”, “Nobu” kimi brendləri buraya inteqrasiya edəcəyik. Mən burada dəbdəbəli butiklər görmək istərdim: “Cartier”, “Bulgari”, “Louis Vuitton”. Həmçinin indi bizdə İsveçrə “Chenot”una bənzər bir klinikamız var - burada insanlar arıqlayır, təmizlənir və detoks proqramlarından keçir.

E.Ağalarov tikinti zamanı ətraf mühitin mühafizəsi işləri aparılıb-aparılmaması sualına cavab olaraq bunları deyib:

“Mütləq. Tullantı suları təmizlənir və suvarma üçün istifadə olunur. Biz ərazinin abadlaşdırılmasına böyük diqqət yetiririk və beş milyona yaxın bitki və ağac əkməyi planlaşdırırıq. Bizim botaniklərdən ibarət bütöv bir komandamız var. Küləkdən qorxmayan palma ağacları Barselonadan, qara torpaq isə Rusiyadan gətirilir”.

“Hello!” ilə müsahibədə Emin Ağalarov nə üçün “Sea Breeze Resort”un rusiyalı turistlər üçün xarici istirahətə əla alternativ ola biləcəyindən də danışıb:

“Birincisi, Bakı daha ucuzdur. İkincisi, Azərbaycan rusiyalı turistlər üçün daha yaxşıdır, çünki əhalinin böyük bir hissəsi SSRİ-də böyüyüb və rus dilini bilir. Azərbaycanda çoxlu aktiv əyləncələr var - yayda dağlarda “glampinq”dən tutmuş qışda xizək sürməyə qədər. Və təbii ki, dəniz istirahəti ilə bağlı sonsuz imkanlar. Yelkənli idmanın inkişafı üçün yaxtalar və gəmilər olan böyük marina tikirik. Xəzər dənizi yayda, xüsusilə uşaqlar üçün idealdır - isti və azca duzludur. Moskvadan uçuş isə cəmi üç saat çəkəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ