Azərbaycanda hindistanlı qanqster aşkarlandı

Bu ilin may ayında mafiya tərəfindən öldürülən tanınmış hindistanlı müğənni və siyasətçi Musa Valanın qətli ilə bağlı aparılan istintaq çərçivəsində daha bir cinayətkar həbs edilib.

Hindistan mətbuatının məlumatına görə, həbs edilən şəxs Azərbaycanda yaşayan hind mafiyasının üzvünün qohumudur. Bildirilir ki, Musa Valanın qətlində əli olan və oktyabrın əvvəlində Pəncab ştatının həbsxanasından qaçan qanqster Dehli polisinin xüsusi təyinatlıları tərəfindən saxlanılıb. Onun adı Dipak Tinudur və həbsi zamanı üzərindən beş qumbara və iki avtomat tapılıb. Polis qeyd edib ki, həmin şəxs Musa Valanın qətlini təşkil edən Lourens Bişnoy dəstəsinin üzvüdür. Həbsxanadan qaçan Dipakın saxta pasportla Hindistanı tərk etməyə hazırlaşdığı da məlum olub.

Mətbuat konfransında polis komissarı bildirib ki, xüsusi təyinatlıların bir neçə qrupu quldurun xaricə uçması barədə məlumat aldıqdan dərhal sonra əməliyyata başlayıb.

“Polis 18 günlük istintaq zamanı bir neçə nəfəri saxlayıb. Dipak həbs olunmamaq üçün beynəlxalq dəstək toplaya bilib”.

Komissar bu “beynəlxalq dəstəyin” konkret nədən ibarət olduğunu açıqlamayıb, ancaq bildirib ki, ilkin dindirmə zamanı Dipak ilə Azərbaycanda yaşayan Rohit Qodara adlı qanqster arasında sıx əlaqə yaranıb. “Qodara ilə yanaşı, Dipak Avropada yaşayan və Bişnoyun dəstəsinin ortağı kimi tanınan Ceklə bağlıdır”,  - deyə o əlavə edib.

Xatırladaq ki, Sidhu Mus Valanın qatillərindən biri Saçin Çapan Bişnoy bu ilin aprelində Dehlidən Dubaya uçub, iki ay sonra isə Bakıya qaçıb. O Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sidhu Mus Vala mayın 29-da Pəncab vilayətində Cavahar Ke kəndində məbəd yaxınlığında qətlə yetirilib.

Hindistan mətbuatının məlumatına görə, saat 17.30 radələrində sənətçinin mühafizəçiləri ilə birlikdə olduğu avtomobilə iki maşın yaxınlaşıb və reperə atəş açıblar. Yaralı Sidhu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mükün olmayıb. Hadisə yerində ən azı üç növ odlu silaha aid otuza yaxın giliz tapılıb.

Pəncab polisi hadisəni mafiya dəstələrin qarşıdurması ilə əlaqələndirib, onlardan biri artıq baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. Bu arada ölkənin hakim partiyasının nümayəndəsi qətlin siyasi xarakter daşıdığını iddia edib.

Müğənninin əsl adı Şubhdip Sinqh Sidhudur. 11 iyun 1993-cü ildə Pəncabda anadan olub. O, yaradıcılıq karyerasına Ninja layihəsi üçün mahnı müəllifi kimi başlayıb. Debüt albomu 2018-ci ildə işıq üzü görüb. 2020-ci ildə “The Guardian” reperi 50 ən perspektivli sənətçi siyahısına daxil edib.

Qeyd olunur ki, Sidhu güc və silah kultunu tərənnüm etdiyinə görə dəfələrlə tənqid olunub. KİV-in məlumatına görə, musiqiçiyə qarşı dörd cinayət işi başlanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ