Bir neçə gün bundan öncə mediada Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırovun gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxardığına dair xəbərlər yayıldı.
Bildirilirdi ki, sədr əvəzi Gömrük Komitəsi əməkdaşlarını narkoloji analizdən keçirib.
Nəticədə Hövsanda və digər postlarda işləyən gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlandığı, bu səbəbdən Şahin Bağırovun onları işdən azad etdiyi bildirilirdi.
Əlavə edək ki, Dövlət Gömrük Komitəsi özü də rəsmi məlumat yayaraq, narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarının işdən çıxarılmasına münasibət bildirmişdi.
Qeyd olunurdu ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür.
DGK məsələ ilə bağlı açıqlama versə də, narkotik istifadəçisi olan nə qədər gömrük əməkdaşının işdən çıxarıldığına aydınlıq gətirməmişdi. Mediada isə narkotikə görə gömrükçülərin kütləvi halda işdən qovulduğu yazılırdı.
Bakupost.az mövzu ilə bağlı bir sıra dəqiqləşdirmələr aparıb.
Məlumata görə, DGK-nın keçirdiyi tibbi müayinədən sonra həqiqətən də işdən çıxarılanlar olsa da, bu, kütləvi xarakter daşımayıb. Belə ki, müvafiq müayinələrdən sonra DGK-nın 7 əməkdaşının narkotik istifadəçisi olduğu məlum olub. Onlardan 2-si qadındır.
Onu da qeyd edək ki, həmin şəxslər heç də DGK-da yüksək vəzifə tutmurlar. Narkotikə görə işdən çıxarılan 7 nəfər müxtəlif gömrük postlarında çalışan inspektorlardır. Tibbi müayinə nəticəsində narkotik istifadəçiləri olduqları təsdiqlənən həmin 7 nəfərin dərhal ərizələri alınıb və onlar gömrük sistemindən uzaqlaşdırılıblar.