Məşhur müğənninin qətlinin təşkilatçısı Bakıda saxlanıldı - foto

Hindistanda məşhur müğənninin qətlini təşkil edən və saxta pasportla Azərbaycana qaçan cinayətkar saxlanılıb.

Bu barədə indiatvnews.com saytı məlumat yayıb.

Saçin Çapan Bişnoyun qurbanı 28 yaşlı məşhur hindistanlı müğənni, reper və Sidhu Konqresinin siyasi lideri Sidhu Mus Vala olub (əsl adı Şubhdip Sinqh Sidhu). Qətlin təşkilatçılarından olan Bişnoy bu ilin aprelində Dehlidən Dubaya uçub, iki ay sonra isə Bakıya qaçıb.

Sidhu Mus Vala mayın 29-da Pəncab vilayətində Cavahar Ke kəndində məbəd yaxınlığında qətlə yetirilib.

Hindistan mətbuatının məlumatına görə, saat 17.30 radələrində sənətçinin mühafizəçiləri ilə birlikdə olduğu avtomobilə iki maşın yaxınlaşıb və reperə atəş açıblar. Yaralı Sidhu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mükün olmayıb. Hadisə yerində ən azı üç növ odlu silaha aid otuza yaxın giliz tapılıb.

Sidhu Mus Vala

Pəncab polisi hadisəni mafiya dəstələrin qarşıdurması ilə əlaqələndirib, onlardan biri artıq baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. Bu arada ölkənin hakim partiyasının nümayəndəsi qətlin siyasi xarakter daşıdığını iddia edib.

Müğənninin əsl adı Şubhdip Sinqh Sidhudur. 11 iyun 1993-cü ildə Pəncabda anadan olub. O, yaradıcılıq karyerasına Ninja layihəsi üçün mahnı müəllifi kimi başlayıb. Debüt albomu 2018-ci ildə işıq üzü görüb. 2020-ci ildə “The Guardian” reperi 50 ən perspektivli sənətçi siyahısına daxil edib.

Saçin Çapan Bişnoyun pasportu

Qeyd olunur ki, Sidhu güc və silah kultunu tərənnüm etdiyinə görə dəfələrlə tənqid olunub. KİV-in məlumatına görə, musiqiçiyə qarşı dörd cinayət işi başlanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ