Xəbər verdiyimiz kimi, polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat nəticəsində “Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılanlar arasında bir neçə gün əvvəl bloqer Nail Kəmərlinin həmin ərazidə hazırladığı reportajda çıxış edən şəxs də var. Belə ki, N.Kəmərlinin suallarını cavablandıran, bəzi narkotik istifadəçilərinin “yaxşı kişi” olduğunu deyən, narkotik satanları isə “deşovıy”, yəni ucuz adlandıran şəxs də tutulan şəxslər arasındadır. Həmin şəxsin danışıq tərzi və sair xeyli maraq doğurduğundan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Məlumata əsasən, saxlanılan bu şəxs Nəsimi rayonunun Mərdanov qardaşları küçəsində qeydiyyatda olan, Nərimanov rayonu 2-ci Şimal Şitilliyi (Xutor) küçəsində daimi yaşayan 1968-ci il təvəllüdlü Vüqar Muradxanovdur. O, daha əvvəl də Cinayət Məcəlləsinin 234-cü, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə tutulub və məhkum edilib.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının avqustun 23-də həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Vüqar Muradxanov yaşadığı küçədə saxlanılıb. Baxış zamanı onun üzərindən 1 kiloqramdan artıq (1040 qram) güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə olan heroin aşkar edilib.
Onun barəsində cinayət işi açılıb və təcridxanaya göndərilib.