Bərdədə kişi arvadının evini yandırıb.
“Report” xəbər verir ki, hadisə ötən gecə Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.
Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.
Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan 9 yaşlı qızının sağ qoluna bıçaq xəsarəti endirib.
Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.