Bu ilin yanvar ayında Səbail rayonu ərazisində Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyən şəxslərə hökm oxunub.
Buta.media xəbər verir ki, Səbail Rayon Məhkəməsi heykələ zərər vuran Vüqar Tağızadəyə 1 il 6 ay, Allahverdi Məmmədliyə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Qeyd edək ki, bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılmışdı. Qısa müddətdə heykəlin qoparılan elementi (təsbeh) heykəltəraşın iştirakı ilə bərpa edilib.
Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.