Ötən ilin yayında Bakıda cinsi azlıq nümayəndəsini qətlə yetirən Mirşahid Mehdiyevin məhkəməsinin başa çatması barədə xəbər vermişdik.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Nunu” ləqəbli Əhəd Nuriyevi qətlə yetirən M.Mehdiyev kriminal aləmə yaxın şəxs olub.
Belə ki, o, daha əvvəl Rusiyada silahlı insidentdə iştirakına görə barəsində həbs qətimkan tədbiri seçilib. Həmin vaxt o, Sverdlovskda yaşayıb və ticarətlə məşğul olub. Həmin dövrdə əslən Balakən rayonundan olan şəxslərlə mübahisə zamanı onlara silahla zor tətbiq edib. Daha sonra M.Mehdiyev Azərbaycana qayıdaraq, burada iş qurub.
Məhkəmədə ifadə verən M.Mehdiyev bildirib ki, ötən ilin yayında gecə saat 2 radələrində “Şamaxinka” adlanan ərazidə qadın olduğunu düşündüyü Ə.Nuriyevlə tanış olub və onların münasibəti yaranıb. Lakin o, sonradan görüşdüyü şəxsin cinsi azlıq nümayəndəsi olduğunu bilib.
Görüş vaxtı Ə.Nuriyevin video çəkdiyini xatırlayan Mirşahid daha sonra bundan narahatlıq keçirib və görüntülərin yayılacağını, kriminal dairələrdə hörmətdən düşəcəyini düşünərək, transseksualı axtarmaq, onun çəkdiyi görüntüləri sildirmək qərarına gəlib:
“Bu məqsədlə gecə saatlarında 20 Yanvar və “Şamaxinka” adlı ərazilərdə axtarışa çıxdım. Avqustun 13-də onu tapa bildim və nömrəsini götürdüm”.
İfadələrdən məlum olur ki, Mirşahid çəkdiyi videonu silmək üçün Ə.Nuriyevə bir neçə dəfə pul verib. M.Mehdiyev sonuncu dəfə mərhumun ondan 2 min manat istədiyini iddia edib.
O, əvvəlcə Əhədlə görüşərək, onunla rayona getmək istədiyini bildirib və onlar Mirşahidə məxsus “Lexus İS 300” markalı avtomobillə Göygölə gediblər. Lakin burada qətl törətmək üçün uyğun şəraitin yaranmadığını düşünən Mirşahid bir neçə saat rayonda qaldıqdan sonra Əhədlə birlikdə Bakıya geri qayıdıb, yolun böyük hissəsində avtomobili Ə.Nuriyev idarə edib və Mirşahid arxa oturacaqda yatıb.
Bakıya qayıtdıqdan sonra Mirşahid Mehdiyev planlaşdırdığı qətli Xaçmaz rayonunda törətməyə qərar verib və Əhədlə birgə yenidən rayona gedib istirahət etmək istədiyini deyib. Onlar birlikdə avqustun 17-də Xaçmaza yola düşüblər. Lakin orada da Mirşahid düşündüyü cinayət əməlini həyata keçirməyə imkan tapmayıb və Bakıya qayıdıblar.
Paytaxta qayıdarkən Mirşahid maşını H.Z.Tağıyev qəsəbəsindən Qızıldaş istiqamətinə sürərək, kimsəsiz yer axtarıb. O, səhər saat 5-6 radələrində Puta qəsəbəsi ilə Lökbatan qəsəbəsinin arasındakı ərazidə yarımçıq tikilini görərək, maşını saxlayıb və hava almaq adı ilə maşından düşüb.
Bundan sonra Mirşahid maşında gizlətdiyi bıçaqla Əhədə hücum edib, çoxsaylı xəsarətlərlə onu qətlə yetirib və meyitini yol kənarına ataraq uzaqlaşıb. M.Mehdiyev Əhədi qətlə yetirdikdən sonra gedərkən onun şəxsi əşyalarını götürüb. Belə ki, təqsirləndirilən şəxs həmin əşyaların çoxunu yol kənarında yandırıb, Əhədin mobil telefonu şifrəli olduğundan orada saxlanıldığını düşündüyü videonu silə bilməyib və telefonu dənizə atıb.
Əhəd Nuriyevin meyiti isə hadisədən 4 gün sonra tapılıb. Belə ki, 22 avqust 2021-ci il tarixdə günorta saat 15 radələrində velosiped sürmək üçün yola çıxıb qısa yol ilə Qaradağ rayonu, Korgöz qəsəbəsinə gedən şəxs geri qayıdanda Puta qəsəbəsi istiqamətindəki yarımtikilinin yanından keçən zaman həyətdən pis qoxunun gəldiyini hiss edib. Əraziyə baxış keçirilərkən Ə.Nuriyevin qismən çürüməyə məruz qalmış meyiti tapılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Araşdırmalar zamanı o da məlum olub ki, M.Mehdiyev Əhədin ondan pul tələb etməsindən sonra onun qardaşını taparaq xəbərdarlıq edib. Lakin həmin vaxt Əhədin qardaşı ondan üz döndərdiklərini deyərək, Mirşahidin dediklərinə əhəmiyyət verməyib. Qətldən sonra isə M.Mehdiyev yenidən Əhədin qardaşı ilə votsap proqramı vasitəsilə əlaqə saxlayaraq onu öldürdüyünü deyib və şikayətçi olub-olmadıqları ilə maraqlanıb.
İstintaq zamanı Əhəd Nuriyevin transseksual dostuna yazdığı son mesajlar da açıqlanıb. Rayondan qayıdarkən Mirşahidin ona qarşı cinayət törədəcəyini hiss edərək, “Deyəsən, mənim başıma oyun açacaq” mesajını yazıb. 27 yaşlı Əhədin qətlə yetirilməzdən bir neçə saat əvvəl dostuna yazdığı son mesajlar bu formada olub:
“Zəng vur, de, anan məni öldürür, pulunu göndər. 12-dən sonra dayanmadan yığ, Alaya ver, danışın, mənə pulu göndərtdir”, “Mən yazanda zəng vur”, “SMS atacağam, gözün telefonda olsun, qurban olum”, “Deyəsən, bu, başıma oyun acacaq”.
Məhkəmədə o da məlum olub ki, qətlə yetirilən şəxs sürücü kimi işləyib. O, bir neçə il şəhərlərarası avtobusları idarə edib, sonradan Bakıda taksi sürücüsü işləyib. Ailəli və 1 uşaq atası olan Əhəd daha sonra evdən çıxaraq, Xırdalanda kirayə yaşamağa başlayıb. Onun gəlin paltarında şəklinin yayılmasından sonra isə ailə üzvləri ilə münasibətləri daha da pisləşib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Mehdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.