Bakıda illərlə əri tərəfindən döyülən, sonda isə öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı məhkəmə araşdırmaları davam edir.
Buta.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhumun atası Yalçın Məhərrəmov ifadə verib.
O bildirib ki, qızı ailə qurandan sonra həmişə ərindən narazılıq edib:
"Ailə qurandan 3 ay sonra narazılıqlar başladı. Tez-tez mübahisələri olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi. Bu da söz-söhbətlər yaradırdı. Axırıncı dəfə oğlan polisə verilmişdi. Yəqin ki, ona görə öldürüb qızımı. Qızım qətlə yetiriləndə rayonda idim, toya getmişdim. Zəng vurdular ki, qızını öldürüblər”.
Sevinci öldürən əri Füzuli Qarayev isə qayınatasını yalan danışmaqda ittiham edib: "Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra qaçıb getmişdi atası evinə. Dedi darıxıram, bir müddət sonra qayıtdı. Amma sonradan yenə xəbərsiz çıxıb gedirdi. Bir neçə dəfə evdən qaçmışdı. Sonuncu dəfə axtardım, tapmadım. Qayınatamı da çağırdım ki, gəl axtaraq, amma tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram artıq öldür, mənim üçün o qız ölüb. Mən də dedim, “mən niyə öldürürəm?!”
Fotoda: Döyüləndən sonra Sevinc Məhərrəmovanın vəziyyəti
Mərhumun anası Mətanət Məhərrəmova da həmişə qızının evində dava olduğunu bildirib: “Bu, bizi uşaqlarla qorxudurdu ki, gəlməsə, uşaqları öldürəcəyəm. Qızım qaçıb ya bizə gəlirdi, ya xalasıgilə. Deyirdi ki, kanalizasiya tutulduğuna görə məni döyüb. Mənə çox söz demirdi, bacıları ilə danışırdı, dərdini onlara deyirdi. Sığınacağa getməyini bilirdim. Axırıncı dəfə mart ayında pis döyülmüşdü, bədəni gömgöy idi. Bir neçə gün bizdə qaldı. Mən dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox, mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, başını bişirdi, qız da getdi. Gedəndən 10 gün sonra da öldürdü”.
Mərhumun anası qızının feministlərə (Qadın hüquq və azadlıqlarını, bərabərliyini təbliğ edən sosial hərəkat) qoşulması səbəbindən əri tərəfindən öldürülməsi xəbəri haqda da danışıb: "Feministlər qızıma köməklik edirdilər. Onun ailə problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub pis yola getməyib ki? Onlar hamısı qadınlar idi, kişilər yox".
Füzuli Qarayev isə feministlərin onun həyat yoldaşını yoldan çıxardığını iddia edib: "Mənim həyat yoldaşımı xalası qızı yoldan çıxarıb feministlərə qoşdu. Qayınanam öz qızını oğurluğa vadar edib. Yoldaşım feministlərə qoşulandan məni saymırdı, qətlin səbəbi də budur".
Ailənin qonşusu Əli Həmidov da şahid qismində ifadə verib: “Füzuli həyat yoldaşını qətlə yetirəndən sonra bizə gəldi, əl-üzünü yuyandan sonra polisə zəng vurdu ki, yoldaşımı qətlə yetirmişəm. Tez-tez gəlib bizdən soruşurdu ki, Sevinc sizə gəlməyib? Deyirdi ki, evdə yoxdur, qaçıb feministlərə qoşulub. Onların yanına qaçır tez-tez. 10 ildir ki, Füzulini qonşu kimi tanıyıram. Get-gəlimiz var idi. Amma evlərində problem olmasını bilmirdim. Füzulini də ömrü boyu dava edən görməmişəm. Qonşulardan heç kim ondan şikayət etməyib”.
Proses martın 30-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin yayında baş verib. Sevinc Məhərrəmova ilə əri arasında münaqişə yaranıb və Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib. Oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadını qətlə yetirib.