Müdafiə Nazirliyinin 143 milyonluq cinayətdə təqsirli bilinərək məhkum edilmiş keçmiş idarə rəisi Mahir Şirvanov barəsindəki hökmdən verilmiş protest və şikayətlərə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda yekun qərar çıxarılıb.
Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən təqsirləndirilən şəxs Mahir Şirvanova Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə qaldırılıb.
Vəkilin bəraətlə bağlı şikayəti və protestdə qeyd edilən digər tələblər qəbul edilməyib.
Xatırladaq ki, 143 milyonluq cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaqla açılıb. Yeyintiyə görə içərində general da olmaqla çoxsaylı zabit cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə MN-in Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov da daxil olmaqla üç polkovnikə üzərlərinə düşən ziyanı ödədikləri üçün sanksiya həddindən aşağı cəza verilib. Amma ziyanı ödəməyənlərə münasibətdə daha ağır cəzalar tətbiq edilib.