Xalq artisti Ağadadaş Ağayevin törətdiyi insidentlə bağlı məhkəmə prosesi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, işə Binəqədi Rayon Məhkəməsində baxılır.
Amma təqsirləndirilən Xalq artisti ilk məhkəməsinə gəlməyib. O, məhkəməyə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı teleqram göndərib.
Onu ilk iclasda vəkili Asim Abbasov təmsil edib. Vəkil prosesin təxirə salınmasını xahiş edib.
Zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova isə Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.
Məhkəmə zərərçəkmişin vəsatətini əsaslı saymayıb. A.Ağayevin məhkəmədə iştirakını təmin etmək məqsədilə proses 14 noyabra kimi təxirə salınıb.
Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
A.Ağayev azadlıqdadır. Onun barəsində ibtidai istintaqın əvvəlində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.
Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi “Medera Hospital”ın təmizlikçisi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.