Baş prokuror Kamran Əliyev növbəti dəfə 8 ay əvvəl itkin düşən 11 yaşlı Rasim Xankişiyevin nənəsini qəbul edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün itkin azyaşlının nənəsi Zemfira Xankişiyeva hüquq müdafiəçisi Samir Zeynalovla birgə Baş prokurorla görüşüb.
Kamran Əliyev artıq dördüncü dəfədir Rasimin yaxınlarını qəbul edib, istintaqın gedişi ilə bağlı məlumat verib. Bu dəfəki görüş Xətai Rayon Prokurorluğunda baş tutub.
K.Əliyev Z. Xankişiyevanı əmin edib ki, nəvəsinin işi ilə bağlı bütün zəruri işlər yerinə yetirilir. İstintaqın gedişi ilə bağlı ona mütəmadi məlumat verilir. Hazırda Rasimin Qarabağ kanalında batması ehtimalı ilə bağlı axtarış davam edir. FHN və SOCAR əməkdaşları tərəfindən kanalın axtarılmayan qollarına baxış keçirilir.
Sabah isə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Rasimin bütün ailə üzvlərini qəbul edəcək.
Ailənin nümayəndəsi Samir Zeynalov saytımıza deyib ki, Rasimin itkin düşməsi ilə bağlı onların şübhələndiyi bir nəfər var. Ailə iki dəfə fərqli ifadə verən həmin şəxsin də dindirilməsini Baş prokurordan xahiş edib.
Qeyd edək ki, hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan Baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.