Bakıda 30 yaşlı gəncin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.
Buta.media İTV-yə istinadən xəbər verir ki, mübahisə zamanı 23 yaşlı paytaxt sakini iki nəfəri döyüb. Onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə 13 fevral gecə saat 02:00 radələrində Biləcəri qəsəbəsində qeydə alınıb. Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovla qəsəbə sakini Yəhya Quliyev arasında mübahisə baş verib.
“Qapıdan çıxanda görüb ki, avtomobil dayanıb. Sual verib ki, burada nə üçün dayanıblar. Çünki buna qədər özlərində olmadıqları və kefli olduqları üçün səs-küy salıblar.
Onlar cavab veriblər ki, maşınları xarab olduğu üçün yolda qalıblar. Ardınca onlara təklif edib ki, maşınları xarabdırsa, onlara kömək etsin. Lakin qarşı tərəf deyib ki, “sənin nəyinə lazımdır”. Cavab verib ki, onun evinin qarşısında olduqları üçün evə səs-küy gedir. Sonra tərəflər arasında əlbəyaxa dava olub”, - deyə saxlanılan şəxsin qohumu olan Elvin Sultanov bildirib.
Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsində yaralanaraq qazi olub. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.