Dünən Xızı Rayon Məhkəməsində maraqlı proses baş tutub.
“Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2003-cü il təvəllüdlü Nicat Ağayev (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham edilib.
Məhkəmədə bildirilib ki, Nicat 2017-ci ildə kənd məktəbindən çıxıb və 10-11-ci sinifləri Xızının rayon mərkəzindəki məktəbində oxuyub.
O, 9-cu sinfi bitirərkən Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə 3 qiyməti alıb və buna görə müəllimi Gülnar Ramazanovaya (ad və soyad şərtidir) acıqlı qalıb.
Belə ki, 5 iyun 2023-cü ildə, saat 11:30 radələrində kənd məktəbinə gedən Nicat oradakı şagirdlərdən biri vasitəsilə Gülnar müəllimi həyətə çağırtdırıb. Keçmiş şagirdinin niyyətindən xəbərsiz olan müəllim Nicata yaxınlaşdıqda münaqişə baş verib. Nicat müəllimə müxtəlif dərəcəli xəsarətlər yetirib.
O, keçmiş müəlliminin sağ yanaq, burun, sol əl və sol dirsək oynağı nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona sağ yanaq, burun nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları, sol dirsək oynağı nahiyəsinin qançırı, sol əlin iki barmağının səthi yarası ilə müşayiət olunan xəsarətlər yetirməklə xuliqanlıq edib. Həmçinin şagirdləri həyəcanlandırmaqla orta məktəbin iş fəaliyyətini 10 dəqiqə müddətində pozub.
Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən müəllim Nicatın pis oxuyan və çətin tərbiyə edilən şagird olduğunu deyib:
“Bizim məktəb 9 illik olub. Nicat məktəbi bitirdikdən sonra əsgərliyə gedib, daha sonra gəlib. Həmin gün dərsdə olarkən şagirdlərdən biri gəlib mənə “Nicat sizi aşağıda gözləyir, nə isə sözü var”, - dedi. Tənəffüs vaxtı aşağı düşdükdə təqsirləndirilən şəxsin idman zalının qarşısında dayandığını gördüm. Nicatdan “nə məsələdi, nəsə istəyirdin?”, - soruşdum. Qolumdan tutub idman zalında idman müəllimi üçün nəzərdə tutulmuş balaca otağa itələyərək içəri saldı. Nə baş verdiyini başa düşməyərək qışqırmağa başladım”.
Müəllim əlavə edib ki, Nicatın bütün attestat qiymətləri 3-dür və ona yüksək qiymət yazmaq mümkün deyil:
“Nicata Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi isim, sifət nədir, çox çətinliklə öyrətmişəm. Nicatın attestat qiymətlərinə baxanda, bütün qiymətlərinin 3 olduğu görünür. Belə bir insanın necə yüksək qiymət istəyə bilməsini başa düşmürəm. Onun ailədən psixoloji travmaları var idi, lakin hər zaman çox mehribanlıqla münasibət göstərmişəm, şiddət göstərməmişəm. Mən 5 il həmin kəndə palçıqlı yollarla gedib-gələrək şagirdlərə təhsil vermişəm. Yaşadığım psixoloji halları, axıtdığım göz yaşlarını halal etmirəm və Nicata ən ağır cəza verilməsini xahiş edirəm. Bir daha qız-qadınlara qarşı belə hərəkət etməməli olduğunu anlasın”.
G.Ramazanova iddia edib ki, hadisə vaxtı keçmiş şagirdinin üzərində bıçaq olub və ona bıçaqla da xəsarət yetirib. Müəllim keçmiş şagirdinin niyyətinin onu döymək deyil, seksual hərəkət etmək olduğunu bildirib. G.Ramazanova deyib ki, qışqıraraq aktiv müqavimət göstərdiyi üçün keçmiş şagirdinin planı baş tutmayıb və pəncərədən qaçıb.
Xızı Rayon Məhkəməsinin 29 iyul tarixli hökmü ilə Nicat Ağayevə 1 il həbs cəzası verilib və o, məhkəmə zalında həbs edilib.