Məlum olduğu kimi, Xocalıda yüzlərlə günahsız azərbaycanlının öldürülməsində iştirak etməkdə ittiham olunan Raşid Beqlaryan 32 il sonra Azərbaycan məhkəməsində mühakimə edilib.
Qafqazinfo xəbər verir ki, bugünkü iclasda iş üzrə sonuncu sənədlər tədqiq edilib, məhkəmə istintaqı tamamlanıb.
Dövlət ittihamçısı Raşid Beqlaryanın müharibə ilə bağlı olan cinayətlərin törədilməsində təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini xahiş ediblər: “Əsgər yoldaşımın başını kəsib, mənə qanını içirdiblər. Necə razılaşa bilərəm 17 illə?!”, - zərərçəkmişlərdən biri əlavə edib.
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. Beqlaryan özü də son sözündə eyni xahişi edərək əlavə edib ki, müharibədə iştirak etməsindən peşmandır, əmr icra edib.
Əli Süleymanovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən, Raşid Beqlaryan müharibə cinayətlərinin törədilməsində təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 62 yaşlı R.Beqlaryan ötən il Laçın rayonunun Zabux kəndində sərhədi qanunsuz keçərkən saxlanılıb. DTX-nin vəsatəti əsasında barəsində həbs qətimkan tədbiri seçilib.