Vətən Müharibəsi iştirakçısı Natiq Ramazanov noyabrın 9-da Bakının Nizami rayonunda bıçaqlanaraq qətlə yetirilib.
Buta.media Publika.az-a istiandən xəbər verir ki, Natiq Ramazanov müharibədə leytenant rütbəsi ilə iştirak edib.
Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov Tik-Tok sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.