Pərvanəni gözəllik salonunda öldürən keçmiş ərinə ağır cəza verildi

Bakıda keçmiş həyat yoldaşını işlədiyi gözəllik salonunda qətlə yetirmiş Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyevə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Zamiq Tanrıverdiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, Z.Tanrıverdiyev 2004-cü ildə 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova ilə evlənib. Onların iki qızı doğulub. Lakin cütlük 2022-ci ildə rəsmi qaydada boşanıb. Həmin ərəfədəki mübahisələrdən biri zamanı Zamiq qayınatasını bıçaqlayıb. Lakin Pərvanənin atası “sabah üz-üzə gələcəyik” deyərək Zamiqdən şikayətçi olmayıb. Həmin vaxt Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinən şəxs həbs edilməyib və şərti cəza alıb.

Bu hadisədən 1 il sonra, yəni 2023-cü ilin oktyabrında Zamiq Pərvanənin Xətai rayonunda işlədiyi gözəllik salonuna daxil olaraq oradakı digər işçinin gözü qarşısında ona çoxsaylı bıçaq zərbələri endirərək öldürüb. O, keçmiş arvadı ilə heç bir danışıq aparmadan, qəfil salona daxil olaraq qadını qətlə yetirib.

Z.Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törətdiyini bildirib və polisə könüllü təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Zamiq Tanrıverdiyevə 18 il həbs cəzası verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ