Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi Heydər Əliyev prospektində motosiklet sürücüsü yol polisinin “saxla” əmrinə tabe olmayıb.
“Koroğlu” nəqliyyat qovşağı istiqamətində çəkilmiş görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə yol polisinin xidməti avtomobillə motosiklet sürücüsünü saxlamağa cəhd etsə də, sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, həmin sürücü artıq saxlanılıb:
“Bəzi sosial şəbəkə səhifələrində paytaxtın Nizami rayonunda metronun “Koroğlu” stansiyasının yaxınlığında dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsünün yol polisinə tabesizlik göstərərək qaçmasını özündə əks etdirən görüntülər yayılıb. Nizami RPİ-nin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən görüntülərdəki motosikletin sürücüsü 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. Bu səbəbdən T.Əliyev yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib. Onun çantasına baxış zamanı külli miqdarda müxtəlif növdən olan narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb. Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək”.