Millət vəkili Fazil Mustafaya qarşı silahlı sui-qəsd cəhdi ilə bağlı mühakimə edilən beş nəfərin məhkəməsi davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda müttəhimlər - Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov sərbəst ifadə verib. Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov isə əvvəlki proseslərdə ifadə vermişdilər.
Prosesə sədrlik edən Elnur Nuriyev ilk olaraq ifadə vermək üçün Səbuhi Şirinova söz verib.
Fazil Mustafanı avtomatla vurmaqda ittiham edilən Şirinovdur. Təqsirləndirilən şəxs cinayəti boynuna alır, əməlindən peşman deyil. Şirinov ifadəsinə Fazil Mustafa haqda düşüncələrindən danışmaqla başlayıb:
“Bəziləri soruşur ki, səndən başqası yox idimi, onu cəzalandırsın. Fazil Mustafa İmam Hüseyni təhqir edib, şiə olduqlarına görə Şah İsmayıl Xətai və Məhəmməd Füzuliyə cahil deyib. Bundan başqa çıxışlarından birində deyib, yaxşı ki, Sultan Səlim Səfəvilərə qalib gəldi. Bu və digər səbəblərdən onu cəzalandırmaq qərarına gəldik”.
İstintaq materiallarından görünür ki, S.Şirinov əvvəllər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Kəşfiyatçı və snayperçi olub. Məhz bu səbəbdən də sui-qəsd cəhdini reallaşdırmaq üçün o seçilib. Elşad Əsgərov və Azər Səricanovla da danışdıqdan sonra Fazil Mustafanı izləməyə başlayıb:
“Dəqiq yadımda deyil, təxminən 3-4 dəfə izlədim. Birinci dəfə fikrim o idi ki, böyrəyinə bıçaq soxub gedim. Amma həmin gün övladı da yanında idi. Bu səbəbdən heç nə etmədim. Hadisə günü Fazil Mustafa evə gələndə 25-30 metr məsafədən atəş açdım. Sonra da sərbəst, soyuqqanlı halda evə getdim. Bir neçə gün sonra Azərlə birgə Qaradağ rayonunda tutuldum”.
Prokurorun sual-cavabı zamanı məlum olub ki, müttəhimin əlindəki avtomatın darağı dolu olub. Hadisə vaxtı avtomatdan 7 güllə çıxıb.
Fazil Mustafanın nümayəndəsini maraqlandıran məsələ təqsirləndirilən şəxsin hadisə yerindəki təhlükəsizlik kameralarına düşməməsi olub. Təqsirləndirilən şəxs isə bunu kəşfiyatçı olması ilə əlaqələndirib.
Vəkil Elçin Sadıqov isə müvəkkilindən Fazil Mustafanın siyasi fəaliyyətindən məlumatlı olub-olmadığını soruşub. Şirinov Fazil Mustafanı xoşuna gəlməyən çıxışlarını eşidənə kimi tanımadığını, hətta deputat olduğunu bilmədiyini deyib.
Təqsirləndirilən Azər Səricanov Səbuhi Şirinova hadisədən sonra pul verib.
Prosesin davamında təqsirləndirilən Elşad Əsgərov ifadə verib. 40 yaşlı Əsgərov həbsinə kimi taksi sürücüsü işləyib. Təqsirləndirilən şəxsin dediyinə görə, sakit təbiətli, sülhsevər bir insan olub. Fazil Mustafanın din haqda təhqiredici çıxışlarından sonra bu işə qoşulub: “Elə vəziyyət yarandı ki, bıçaq sümüyə dirəndi. Mənə deyirlər ki, 8 dəfə İrana getmisən. Həmin vaxtlarda neft şirkətindəki işimdən çıxmışdım. Yeni işlə bağlı İrana gedib-gəlirdim. Deyirlər ki, Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq istəmişəm. Mənə o, ittihamla cəza vermək olmaz. Digər məsələlərlə razıyam. Dövlət var. Cəza verilməsə, özbaşınalıq olar.
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan edilib.
Əsgərov müstəntiqə deyib ki, Səbuhi Şirinovla taksidə tanış olub:
“Söhbət əsnasında dini ədalətsizlikdən filan danışdıq. Bu vaxt Fazil Mustafa ağlıma gəldi. Çıxışlarından danışdıq. Gördüm ki, o da narazıdır. Nə isə sonradan Səbuhi də işə qoşuldu. Fazil Mustafanın evinin yerini mən müəyyən etdim. Hadisə günü Səbuhini evin qarşısına apardım. Fazili vurandan sonra da aparıb evlərinə düşürdüm. Üç gün sonra görüşdük. Hadisəyə görə bir-birimizi təbrik etdik. Dediyinə görə 9 dəfə atəş açıb. İkimiz də sevindik”.
Sədrlik edən hakim təqsirləndirilən şəxsin sülhsevər insan olması haqda dediyi sözə qayıdıb. Ondan nəyə görə bu məsələni də sülh yolu ilə həll etmədiyini soruşub. Təqsirləndirilən Əsgərov isə bunun səbəbini Fazil Mustafanın Allahdan deyil, güllədən qorxması ilə əlaqələndirib.
Bu iş üzrə təqsirləndirilən şəxslərin sonuncusu isə Emin Əliyarovdur. Əliyarov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Polkovnik-leytenantdır. Onu bu işə bağlayan isə müttəhim Azər Səricanovla dost olması, Səricanovun cinayətdə istifadə edilən avtomatı onun evində gizlətməsidir. E.Əliyarovun dediyinə görə, Səricanovun bağlamada gətirdiyi şeyin avtomat olmasından xəbəri olmayıb:
“Uzun çantada nə isə gətirdi. Heç nə olduğunu soruşmadım. Dedi ki, bu sizdə qalsın. Azər narahat idi. Soruşdum ki, niyə narahatsan, dedi ki, Fazil hadisəsi bizlikdir. Polis qapıma gələnə kimi bilmirdim nədir. Evimdən silah çıxanda da şok oldum”.
Bütün təqsirləndirilən şəxslər ifadə verdiyinə görə hakim növbəti prosesdə şahidlərin dindiriləcəyini deyib.
Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. F. Mustafa evinin önündə “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində xəsarət alıb. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Xidmət tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan edilib.