Ötən ilin fevral ayında Şəmkirdə qonşuluqda yaşayan şəxsin evinə daxil olaraq 3 nəfəri bıçaqlayan 1990-cı il təvəllüdlü Fuad Məmmədovun məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində fevralın 1-də keçirilən prosesdə qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada ittiham edilən F.Məmmədovun cinayəti törədərkən anlaqsız olması bildirilib. Əvvəllər dəfələrlə psixiatrik xəstəxanada müalicə olunan şəxs cinayət məsuliyyətindən azad edilib.
Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələri üzrə təqsirli bilinən gəncin paranoid şizofreniya diaqnozu ilə ixtisaslaşmış psixiatrik xəstəxanada məcburi müalicəyə göndərilməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, hadisə 2023-cü ilin fevralın 24-ü gecə saat 01 radələrində qeydə alınıb. Belə ki, Fuad gecə qonşunun evinə qanunsuz daxil olaraq 1968-ci il təvəllüdlü Natiq Abbasov, onun 1972-ci il təvəllüdlü həyat yoldaşı Sevda Abbasova və nəvələri olan 2014-cü il təvəllüdlü qızı bıçaqlayıb. Çoxsaylı xəsarətlər alan şəxslər xəstəxanaya çatdırılıb.
Hadisə Abbasovlar ailəsi yatdığı zaman baş verib.