Bakıda iki qardaşın dəm qazından ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, yanvarın 25-də 2001-ci il təvəllüdlü Əli Həsənov və onun qardaşı 2002-ci il təvəllüdlü Sərxan Həsənovun paytaxtın Nərimanov rayonunda yerləşən fərdi yaşayış evində ölmələri faktı ilə bağlı aparılan araşdırma zamanı icra olunan prosessual hərəkətlər, təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olması müəyyən edildiyindən Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin, ölümlə nəticələnən və dəm qazından digər zəhərlənmə halları ilə bağlı da müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb və araşdırmalar aparılır.

Hadisələrin baş vermə səbəbləri istintaq zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Baş Prokurorluq baş vermiş hadisələrlə bağlı təəssüflə ölənlərin ailələrinə başsağlığı verir və qazdan istifadə zamanı arzuolunmaz nəticələrin baş verməməsi üçün vətəndaşları və qaz istismarına nəzarəti həyata keçirən şəxsləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ