Şəhid ailələrindən çəkiliş üçün pul istəyənə hökm oxundu

Dələduzluqda təqsirləndirilən “İnform Xəbər TV” yutub kanalının rəhbəri, 1971-ci il təvəllüdlü Azər Kazımova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Qax Rayon Məhkəməsi Azər Kazımovu Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib.

Məhkəmə A.Kazımovun 4 sentyabr 2023-cü ildən 18 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmasını nəzərə alaraq 2 il 3 ay 2  gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verib. Onun üzərinə elektron qolbaq taxılıb.

Qeyd edək ki, Azər Kazımov jurnalist və TV rəhbəri olduğunu bildirərək Şəhla adlı qadından şəhidlər barəsində kitab çap etdirəcəyini deyərək 7 min manat pul alıb. Lakin o, vədinə əməl etməyərək vəsaiti ələ keçirib.

Daha əvvəl də A.Kazımov barəsində şəhidlərlə bağlı materialların hazırlanması ilə bağlı onların ailələrindən pul alması barədə məlumatlar ictimailəşib.

Həmçinin məlum olub ki, Azər Kazımovun bacısı Məxluqə Yusifova Azərbaycanın ilk şəhidlərindəndir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ