İşdən çıxarılan baş həkim məhkəmə zalında həbs edildi

Bir neçə ay əvvəl Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilən Rauf İsfəndiyarov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılan baş həkim bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınan müğənni Dəniz Əsədovanın vəkili Ceyhun Yusifov R.İsfəndiyarov barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbirinin ləğvi və onun həbs edilməsi ilə bağlı vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti təmin edib.

Qeyd edək ki, keçmiş baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir. Ötən il də bu işlə bağlı həbs edilən R. İsfəndiyarov daha sonra ev dustaqlığına buraxılmışdı.

Rauf İsfəndiyarova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ