Yüksək səslə söyüş söyürdülər: Qazini qətlə yetirən şəxs məhkəmədə danışdı - video

Paytaxtda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Abdurrahmanovun ifadəsi dinlənilib. 

“Dincəlmək üçün restorana getmişdik. Yan masada yüksək səslə söyüş söyürdülər. Daha sonra DJ ilə mübahisəyə başladılar. Biz dedik ki, “niyə qan-qaraçılıq edirsiniz?” Bundan sonra bizə də hücum etdilər. Daha sonra onları məkandan çıxardılar. Mən də onların ardınca çıxdım”, - deyə o bildirib.

Qeyd edək ki, ittiham aktına görə, Orxan Zeynalov tanışı İlqar Abdurahmanov və Rauf Şıxəliyevlə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı restoranlardan birində spirtli içki qəbul etdikdən sonra məclislərini davam etdirmək üçün digər restorana gedib. Hadisə də məhz bundan sonra baş verib. Onların musiqi sifarişinə görə qonşu masada əyləşən Cəsarət Vəliyev və Camal Həsənovla mübahisələri yaranıb və mübahisə əlbəyaxa davaya qədər böyüyüb. Dava zamanı Cəsarət Vəliyev aldığı bıçaq xəsarətindən hadisə yerində keçinib, Camal Həsənov isə xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Onu da bildirək ki, qətlə yetirilən Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirməsinin nəticəsi olaraq “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanova qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ