13 yaşlı Əminənin faciəsi - “Ölən günü məhkəmə olmalıydı...”

Yanvarın 7-si Bakının Nərimanov rayonunda 2010-cu il təvəllüdlü Əminə Orucova yaşadığı çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən düşərək ölüb. Hadisənin intihar olub-olmadığı haqda isə hələ ki, rəsmi məlumat yoxdur. 

“Qafqazinfo”nun məlumatına görə, qızın anası Nahidə Orucova övladının təsadüf nəticəsində pəncərədən yıxıldığına inanmır. Xeberci.az-a danışan ana qızının ölümündə keçmiş həyat yoldaşının ailəsini ittiham edir: “Qızım 13 yaşlı Əminə Orucova iki gün əvvəl 05:00-da özünü 16-cı mərtəbədən atıb. Hadisə Əminə babasıgildə olan zaman baş verib. Çox müəmmalı ölümdür, babasıgili heç uşağın dalınca morqa belə getməyiblər”. 

Onun sözlərinə görə, hadisə baş verən gün baş tutmalı olan məhkəmə prosesinə görə uşağına təzyiq edilib: “Həyat yoldaşımla 4 ildir ayrılmışıq. 3 uşağımız var, böyük qızım 18 yaşındadır. Oğlum balacadır, onun vəkalətini vermişəm, babasıgil saxlayır. Kiçik qızım Əminəni də məndən almaq istəyirdilər. Olan uşağıma oldu. Əminə ölən günü məhkəməmiz olacaqdı. Uşağı verirdim onlara ki, rahat yaşasın. Mənim maddi imkanım yoxdur, kirayədə qalıram. Babasının 4 evi var, amma 3 nəvəsindən heç birini qeydiyyata salmayıb. Uşaqlarımın başını doldurdu ki, anan sizə yaxşı baxmır, heç nə edə bilməyəcək. Dedi, mən səndən yaxşı baxacağam. Axırda da uşağmı öldürüb verdi mənə. Uşaq gecə saat 5-də ölüb, bunlar 7-də xəbər tutub. Morqa belə uşağımın arxasınca getməyiblər. Deyirlər cizgi filminə baxıb, yıxılıb pəncərədən. Mən inanmıram! Tək istəyim odur ki, uşağımın başına nə gəlibsə, bilim”.

Ana isə bildirib ki, əslində qızı babasıgillə qalmaq istəməyib: “Mən dedim ki, kağız üzərində vacib deyil, sən yenə də mənim balamsan. Nə vaxt istəyirsən gələrsən, qalarsan. Atan istəyirsə, kağızda atan ola bilər. Dedi ki, mən istəmirəm məhkəməyə getmək, bezmişəm. Keçən dəfə də onu aparıb sorğu-sual etdiklərini bildirdi. Dedi, olar, gedim orada deyim ki, mən səni istəyirəm?! Narazı idi, sözün açığı. Amma mən başa salırdım ki, get onların da yanına”. 

Digər iddialardan biri də uşağın məktəbdə dəfələrlə “babamın əlindən bezmişəm, həyatıma qəsd edəcəyəm” sözlərini deməsidir.

Əminənin babası Malik Orucov isə bu və digər ittihamlara cavab verib. APA TV-yə danışan M.Orucov deyilənləri təkzib edib. O, nəvəsini çox istədiyini bildirib: “Mən nəvəmi hamıdan çox istəmişəm. Nəvə istəyən adamam, bunu bütün qohum-əqrəba da bilir. Keçmiş gəlinim Nahidə xanım Türkiyəyə getmək istəyirdi, uşaqları atasına verdi. Mən də oğluma dedim ki, əgər verirsə, qanuni surətdə versin. Ölən günü məhkəmə olmalı idi. Öz aralarında danışıb razılaşmışdılar. O qız uşağı idi, mən deyirdim ki, sizi qorumalıyam. Hara gedirsənsə, de, mən bilim. Bu, o demək deyil ki, mən onu təzyiq altında saxlamışam”. 

Məsələ ilə bağlı fikri soruşulan Əminənin bacısı F.Orucova da babasının onlarla yaxşı davrandığını söyləyib.

Hadisə haqda Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"ya bildirildi ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır: "Hadisənin səbəbi araşdırmaların sonunda məlum olacaq".

Qeyd edək ki, Ə.Orucova Nərimanov rayonunda 177 saylı məktəbin 8-ci sinfində təhsil alırmış. Hazırda faktla bağlı istintaq araşdırması aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ