Novxanı-Sumqayıt yolunda “Range Rover”lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevlə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda prokuror etirazını əsaslandırıb.
Protestdə deyilir ki, məhkum Kəlbəliyev haqda apellyasiya məhkəməsinin qərarı qanunauyğun deyil. Həmçinin təyin olunmuş cəza cinayətin ağırlığına münasibətdə çox yüngülür. Həmin qərara əsasən, 4 nəfərin ölümünə səbəb olan iş adamının cəzası 8 ildən 5 ilə endirilib. Digər güzəşt isə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verilməsi olub.
Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, prokurorun etirazı əsaslı hesab edilməlidir. Qərara əsasən, E.Kəlbəliyev haqda yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, 2021-ci ildə E.Kəlbəliyevin sərxoş halda idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər.
Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bundan sonra müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiyasiya Məhkəməsinin yeni qərarı ilə məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.