Cavid Qurbanovun əmisi oğlu barədə qiyabi həbs qərarı verilib - Rəsmi

Xəbər verdiyimiz kimi, əvvəllər polis orqanlarında çalışmış, hazırda həbsdə olan İlkin Babayevin anası oğlunun qanunsuz saxlanıldığını iddia edir.

Belə ki, İ. Babayevin anasının sözlərinə görə, oğlunun həbs edildiyi cinayət əməli ilə bağlı əsas iştirakçı Nahid Şəmşirovdur.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab verilib.

Bildirilib ki, İlkin Babayev və Nahid Şəmşirovun digər şəxslərlə qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək vəzifəli şəxs kimi geniş əlaqələrə malik olduqlarını yalandan bildirib dələduzluq yolu ilə 7 nəfər şəxsin ümumilikdə 245 min manat pulunu ələ keçirmələri faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

İlkin Babayev barəsində ibtidai istintaq tamamlanaraq iş baxılması üçün məhkəməyə göndərilib. Nahid Şəmşirov isə Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ölkə hüdudlarından kənarda olduğundan, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Nahid Şəmşirov rəqəmsal inkişaf və nəqliyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ