Naxçıvanda 17 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bu il iyunun 18-də Kəngərli rayonunun Xok kənd sakini, 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğunda başlanmış işin istintaqı zamanı 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun həmkəndlisi Aysun İbrahimovanın yaşadığı fərdi yaşayış evində tək olmasından istifadə edərək zorla evə daxil olması müəyyən edilib. S.Məmmədovun 17 yaşlı qıza qarşı qanunsuz hərəkətlər etməsinə, bundan sonra isə sonuncunu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.2-ci (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və digər maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Azər