Bakıda yüksəkvəzifəli şəxslərə zəng edən Samirin - Şok fırıldağı

Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proses baş tutub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham edilən 1974-cü il təvəllüdlü Samir Yusif oğlu Əliyev barəsində bəzi diqqətçəkən faktlar üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, Samir Əliyev müxtəlif şəxslərə özünü məhkəmə-hüquq sistemində yüksəkvəzifəli tanışları olan biri kimi tanıdıb. Heç bir yerdə rəsmi işləməyən şəxs özünü Prezidentin köməkçisi Andrey Spilin və ədliyyə nazirinin müavini Eldar Nuriyev kimi təqdim edərək bir neçə yüksəkvəzifəli şəxsə zəng edib. O, həmin məmurlardan müxtəlif xahişlər və tələblər edib. 

Samir Əliyev digər zənglərində Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədovun cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü ona möhlət verilməsini istəyib.
Ətraflı

Həmçinin S.Əliyev 5 may 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevə zəng edərək universitetin məktəbəqədər təhsil şöbəsinin dördüncü kurs tələbəsi S.M-ə müəllim kimi əlavə dərs saatının verilməsini istəyib. 6 may 2022-ci il tarixdə isə S.Əliyev “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənova zəng edərək tanışı A.M-in ASC-də məsul vəzifəyə təyin edilməsini tələb edib. Bundan savayı, Samir Əliyev 1 aprel 2022-ci il tarixdə “Teleradio” İstehsalat Birliyinin baş direktoruna zəng edərək həmin qurumda aparıcı mütəxəssis vəzifəsində işləmiş 1 nəfərin əvvəlki vəzifəsinə qaytarılmasını xahiş edib. O eyni zamanda 6 may 2022-ci il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininə zəng edərək nazirlik tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini istəyib. 

Samir Əliyev həmçinin həbsdə olan Rəşad adlı şəxsin azadlığa buraxılmasına kömək etməsi vədi ilə onun yaxınından 21 500 manat alaraq dələduzluq edib.

İş üzrə şahid qismində ifadə verən Hafiz Məmmədov isə 2022-ci ildə vergi borcu ilə əlaqədar həbsdən az sonra azad edilməsi və ona möhlət verilməsinin Samir Əliyevin zəngi ilə əlaqədar olmadığını bildirib. Məhkəmədə iştirakdan imtina edən H.Məmmədovun istintaqa verdiyi ifadə elan edilib. “Hafka” ifadəsində deyib: “Rəhbərlik etmiş olduğum şirkətlərin Dövlət Sosial Müdafiə Fonduna 850.000 manat məbləğində qalıq borcu var idi. Faktla bağlı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində cinayət işinin istintaqı aparılıb və 25 yanvar 2022-ci il tarixdə barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəmdə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Mən barəmdə seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasından ötrü qalıq borcun ödənilməsi ilə bağlı oğlum Sənana tapşırıq vermişdim. 31 yanvar 2022-ci il tarixdə Sənan 600.000 manat məbləğində pulu Xidmətin bank hesabına ödədi, 250.000 manat borcum qaldı. Həmin gün barəmdə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Borcumun ödənilməsindən ötrü vaxt verilməsi üçün hər hansı bir vəzifəli şəxsdən xahiş etdirməmişəm. Təqsirləndirilən Samir Əliyevi tanımıram”.

Məhkəmədə Samir Əliyev törətdiyi əməlləri etiraf edib. O, əməllərini “kobud telefon xuliqanlığı” adlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu (dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilib. Ona 4 il həbs cəzası verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ