Prokuror Vaqif Xaçatryanı susdurdu

“Meşəli hadisələrindən qabaq, yaylaqda olanda Badara kəndindən olan ermənilər bizi atəşə tutmuşdular. Üstündən bir müddət keçəndən sonra hadisələr baş verdi. Səhər yatdığımız yerdə kəndə hücuma keçdilər”.

Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə zərərçəkmiş qismində dindirilən Elşən İbadullayev deyib. O, hadisələr zamanı uşaq olduğunu bildirib: 

“Qənimət kişini gözümünün qabağında öldürdülər. İcra nümayəndəmizin sayəsində biz piyada Laçın istiqamətində kəndi tərk edə bildik. Kənddə hamı qohumumuz idi. Cəmi 72 ev idi, hamı bir-birinə yaxın idi. Hadisədən sonra kəndə qayıtdıq, kəndi müdafiə eləməyə başladıq. Evimizi, tövləmizi, əşyalarımızı yandırmışdılar. Kənd camaatı deyirdi ki, hadisəni Badara kəndindən olan ermənilər törədib. Onlar Vaqifin də adını çəkirdilər. Bizimlə kəsdiyiniz çörək sizi tutsun”.

Təqsirləndirilən Vaqif Xaşatryan zərərçəkmişin ifadəsini təkzib edib və hadisə zamanı Məşəli kəndində olmadığını iddia edib.

Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində dindirilən Niyazi İbadullayev bildirib ki, hadisələr baş verəndə qardaşı Sabir İbadullayev şəhid olub: “Onu ermənilər “Şam bağı” deyilən yerdə güllələyiblər. Mən eşitdiyimə görə qardaşımı Armais, Vaqif, Ernest öldürüb. Dayım, bibim, xalam oğlu yaralıları kənddən çıxaran zaman maşında gülləyə tutulub, hamısı şəhid oldu. Vaqifin ömürlük azadlıqdan məhrum edilməsini istəyirik”.

Zərərçəkmiş şəxs qismində Əli Behbudov da ifadə verib. O deyib ki, hadisələr baş verən gün kəndin başında yerləşən postda olub: “Hadisədən bir müddət əvvəl silahlarımızı almışdılar. Sən demə, erməniər bütün kəndi mühasirəyə alıbmış. Kəndi çox yaxşı tanıyırdılar. Sübh açılmamış kəndimizə hücum etdilər. Kənddə uşaq, qadın, qocaya, hətat pişiyə, itə də güllə atırdılar. Qayınatamı gözümün qabağında öldürdülər. Bu hadisələri törədənlər Armais, Ernest, Armen, Vaqif idi. Hücum zamanı yoldaşım və iki yaşlı qızım xəsarət aldı. Evimizi, tövləmizi, maşınımı da yandırmışdılar”.

Vaqif Xaçatryan isə bildirib ki, bütün zərərçəkənlər məhkəmədə ifadələrində onun adını çəkir, lakin o, hadisələr zamanı orada olmayıb.

Prokuror Müqəddəs Sultanov isə zərərçəkmişlərin onun adını çəkməsinin həbsi və məhkəməsinin keçirilməsi ilə bağlı olmadığını deyib: 

“Siz tutulmazdan 15-20 il əvvəl alınmış ifadələrdə də adınız çəkilir. Şahidlər və zərərçəkmişlər hələ o vaxt Meşəliyə hücum edənlərdən birinin məhz siz olduğunuzu deyiblər və siz elə Meşəli qətliamı ilə bağlı cinayət işi üzrə 15-20 il əvvəl verilmiş bu ifadələr əsasında həbs olunmusunuz”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ