“Bu gün elə “otkat”ın bədəlini ödəyirəm”

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı həbs edilənlərdən biri - Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin məhkəməsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazonovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir.  

Şahid Elnur Məmmədov istilik sistemlərinin təmiri, bərpası ilə məşğul olan şirkətlərdən birinin rəhbəri olub. 

E.Məmmədov deyib ki, təmsil etdiyi şirkətlə mənzil-istismar idarəsi arasında rəsmi müqavilədən əlavə qeyri-rəsmi razılaşma olub. 

Razılaşmaya görə, görüləcək işlərə görə köçürülən vəsaitin 18 faizi nağdlaşdırılaraq geri qaytarılıb:

“Dedilər ki, sizə pul köçürüləcək. Həmin pulun 18 faizi “otkat” şəklində geri qaytarılmalıdır. 3 il ərzində 236 min manat “otkat” qaytarmışdıq”.

Şahid məhkəmədə 236 min manatın şəxsən kimə çatdığını bilmədiyini desə də, əvvəlki ifadəsində köçürülən pulların 18 faizinin Fikrət Mirzəyevə çatdığını deyib.

Hakim Rafiq Abbasov şahiddən “otkat” qaytarmağın qanunsuz olduğunu bilə-bilə niyə görə razılaşdığını soruşub:

“Elə bu gün də bunun (“otkat”ı nəzərdə tutur-red) bədəlini ödəyirəm”- deyə şahid cavab verib. 

Şahid qismində dindirilən Məzahir Abdullayev isə təmir-bərpa işləri ilə məşğul olan şirkətin direktoru olub. Şirkətlə Müdafiə Nazirliyi arasında fərqli vaxtlarda 2 milyon 637 min manatlıq müqavilə imzalanıb, həmin vəsaitdən 402 min manat “otkat” formasında nazirliyə qaytarılıb:

“Fikrət Mirzəyevlə sövdələşməmiz belə idi ki, köçürülən puldan 18 faiz nağdlaşdırılaraq ona verilməli idi. Onunla Müdafiə Nazirliyində öz otağında görüşmüşdük”.

Təqsirləndirilən şəxs şahidin ifədəsinə etiraz edib:

“Bu adam məni tanıdığını deyir, amma mən bunu görməmişəm”.

Vəkil İntiqam Hacıyev şahiddən müvəkkilinin otağının nazirliyin neçənci mərtəbəsində olduğunu soruşub. Şahid bunu dəqiq yadına sala bilməyib. Amma 3 ya 4-cü mərtəbədə olduğunu bildirib.

“Düz demirsən, mənim otağım 2-ci mərtəbədə idi”, - təqsirləndirilən şəxs deyib. 

Şahidin indiki və istintaq dövründə verdiyi ifadə arasında ziddiyyət yaranıb.

O, əvvəlki ifadəsində təmsil etdiyi şirkətin hesabına köçürülən 2 milyon 637 min manatın 402 min manatını Fikrət Mirzəyevin müavini  Rəhim Laçınova verdiyini deyib. 

“Burda deyirsiz sövdələşmə Fikrət Mirzəyevlə olub, əvvəlki ifadənizdə isə demisiz pulları Rəhim Laçınova vermişəm. Hansına inanaq?” - deyə prokuror Valeh Mehraliyev soruşub. 

Şahid indi hər şeyi tam xatırlamadığını, əvvəlki ifadəsinin daha dəqiq olduğunu deyib. 

Proses noyabrın 20-si davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. 

İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ