Bakıda müəllimi öldürüb yandıran şəxsə ağır cəza verildi

Bakının Qaradağ rayonunda qadını öldürərək yandırmaqda təqsirləndirilən Orxan Novruzova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda elan edilib.

Hökmə əsasən, O.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Fuad Musayev təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin mayın 27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, mayın 27-də saat 7 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, qətlə yetirilən Xuraman Həsənova Qaradağ rayonunda yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəllimi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ