20 milyonluq qızılları Zamirə Hacıyevadan alınır - Fotoları yayıldı

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 20 milyon dollarlıq qızıl-zinət əşyalarının müsadirə olunması ilə bağlı məhkəmə prosesi davam edir.

“Qafqazinfo” “The Evening Standard”ın London nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi dəbdəbəli zinət əşyaları ilə bağlı məlumatları tam açıqlayıb.

Məhkəmədə NCA agentliyinin maraqlarını müdafiə edən vəkil Ketrin Kallaqan israrla Zamirə Hacıyevanın sırf dəbdəbə elementi olan 49 ədəd zərgərlik kolleksiyasını saxlamağa heç bir hüquqi əsasının olmadığını bildirib.

Bu məqamda bildirək ki, 60 yaşlı Z. Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan “McMafia” qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş olub. O, bu ölkədə ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunmuş, 2 gün sonra sərbəst buraxılmışdı.

Vəkil bildirib ki, Hacıyeva ərinin bank fırıldaqçılığına görə Bakıda həbsdə olması və proseslərdə iştirak edə bilməməsi arqumentindən istifadə edərək müsadirənin qarşısını ala bilsə, bu, digər xarici maqnatların qaçmasını asanlaşdıracaq presedent yaradacaq.

Məhkəmədə ilk dəfə olaraq Zamirə Hacıyevanın Londonun məşhur “Harrods” univermağından aldığı və “The Evening Standard” qəzetinin ətraflı sadaladığı zinət əşyalarının şəkilləri təqdim olunub. 

Nəticə olaraq Hacıyevanın zinət əşyalarının taleyi qeyri-müəyyən olaraq qalır və məhkəmə yekun qərar qəbul edənə qədər proses təxirə salınıb.

Qeyd edək ki, NCA-nın hədəfində Zamirə Hacıyevanın Naytsbricdə Uolton küçəsindəki 15 milyon funt sterlinq dəyərindəki evi də var.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyev 2019-cu ildə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eks-bankir Cinayət Məcəlləsinin “mənimsəmə və israfetmə”, həmçinin “vəzifə səlahiyyətindən sui-istifadə etmə” maddələri ilə ittiham olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ