Bakıda 14 yaşlı qızı öldürüb anasını bıçaqlayan ömürlük məhkum edildi

Bakıda qeyri-rəsmi nikahda olduğu qadına bıçaqla xəsarət yetirməkdə onun 14 yaşlı qızını öldürməkdə ittiham olunan Zaur Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Z.Babayev təkrar qəsdən adam öldürməkdə və yetkinlik yaşına çatmayan şəxsi zorlamaqda təqsirli bilinərək ömürlük məhkum edilib.

O, qalan ömrünü həbsxanada keçirəcək.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb.

Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 149, 150-ci maddələr üzrə ittiham irəli sürülüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ