Bakıda gəlinini güllələyən tanınmış şəxs xəstəxanada öldü - foto

Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra sirkə turşusu içən Y.Dadaşov bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib.

Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb.

O, bir çox orden və medallara layiq görülübmüş.

Qeyd edək ki, Y.Dadaşov hadisədən sonra gəlinini ailə münaqişəsi zəminində qətlə yetirdiyini bildirib.

O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.

Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ