Əfsanə Qalabəyli qətl törədilərkən anlaqsız olubmuş - Rəy açıqlandı

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda təqsirləndirilən şəxslə bağlı ekspert rəyi elan olunub.

Bir neçə ay əvvəl Ə.Qalabəylinin vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq müvəkkilinin hadisə törədən vaxt anlaqlı vəziyyətdə olub-olmadığını müəyyən ettmək üçün təkrar ekspertiza keçirilməsini istəmişdi. Məhkəmə vəsatəti təmin edib, yeni ekspertiza açıqlanana kimi prosesi təxirə salmışdı.

Ekspert rəyində qeyd olunub ki, təqsirləndirilən şəxs hadisə vaxtı anlaqlı vəziyyətdə olmayıb. Bu əsasla verilmiş rəy hökm qəbul olunarkən nəzərə alınmalıdır.

Onu da deyək ki, ibtidai istintaq dövründə keçirilən ekspertiza zamanı əks rəy verilmişdi. Növbəti iclasda məhkəmə istintaqının yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, hadisə ötən ilin sentyabrında olub. 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsi ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Qalabəyli məhkəmədəki ifadəsində ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini deyib. O, həmçinin hadisə baş verən vaxt anlaqlı vəziyyətdə olmadığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ