Teleqramda açdığı pornokanala görə həbs edildi

Teleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Siyəzən sakini, 2000-ci il təvəllüdlü A.Muradov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, ailəli və ali təhsilli olan A.Muradov daha əvvəl törətdiyi başqa xarakterli cinayətə görə şərti azadlıqda olub. O, sınaq müddətində teleqramda kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifənin 5-6 min nəfərədək izləyicisi olub, həmçinin reklam paylaşımları edilib.

Məhkəmə A.Muradovun sınaq müddətində yenidən cinayət tərkibli əməl törətməsini nəzərə alaraq bu dəfə ona daha ağır cəza təyin edib. Siyəzən Rayon Məhkəməsinin 10 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 1 il 6 ay internetdən istifadə etməklə proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ