Vəkil Alov Səfərəliyev Qarabağdakı separatçı rejimin bir gün əvvəl həbs edilmiş keçmiş “prezidenti” Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək.
haqqin.az-ın məlumatına görə, Səfərəliyev dünən müdafiəçi qismində Arutyunyanın dindirilməsində iştirak edib.
Vəkilin sosial şəbəkələrdə verdiyi məlumata görə, Arutyunyanın səhhətində heç bir problem yoxdur, psixoloji durumu da normaldır: “Bu gün vəkil kimi Arutyunyanın dindirilməsində iştirak etdim. Bircə onu qeyd edə bilərəm ki, onun dedikləri bir çox suallara aydınlıq gətirməyə kömək edəcək.
Biz Azərbaycan qanunvericiliyi, beynəlxalq konvensiyaların tələbləri və hüquqi etika əsasında müdafiə xətti quracağıq. Bir sözlə, peşə borcumuzu şərəflə yerinə yetirəcəyik”.
Qeyd edək ki, ötən gün Arayik Arutyunyan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya aparılıb.