Arvadını döydüyü iddia olunan müstəntiq barədə qərar verildi

Məlum olduğu kimi, bir neçə ay əvvvəl Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşı Nərgiz Hüseynova media vasitəsilə müraciət yayaraq əri tərəfindən şiddət gördüyünü və xidməti silahla hədələndiyini iddia etmişdi.

“Qafqazinfo” xəbər verir ki, N.Hüseynovanın şikayəti prokurorluq tərəfindən nəzarətə götürülüb, araşdırma aparılıb. Araşdırmanın yekununda polkovnik-leytenant C.Hüseynovun əməlində yalnız inzibati xəta tərkibi müəyyən edilib, sonradan vəzifəsindən azad edilib.

Əldə etdiyimiz məlumata görə, Ceyhun Hüseynov İnzibati Xətalar Məcəlləsinin 157-ci ( döymə) maddəsi ilə məhkəmə qarşısına çıxarılıb.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda eks-baş müstəntiq çıxış edərək iddianı qəbul etmədiyini, protokolda yazılanların uydurma olduğunu deyib. Onun həyat yoldaşı isə məhkəmədə iştirak etməyib.

Hakim elan edib ki, Nərgiz Hüseynova məhkəməyə ərinə qarşı yalan məlumat verdiyini etiraf edən ərizə göndərib. 

Bu əsasla Ceyhun Hüseynov inzibati məsuliyyətdən azad olunub, barəsindəki inzibati xəta haqqında icraata xitam verilib.

N.Hüseynovanın vəkili Elməddin Məhərrəmov isə qərardan narazı qalıb. Vəkilin sözlərinə görə, müvəkkili tərəfindən yalan ifadə verməsi ilə bağlı məhkəməyə ərizə göndərilməyib: “Hazırda sübutların saxtalaşdırılması ilə bağlı prokurorluğa müraciət hazırlayırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ