Körpəsini binadan atan qadın onu tualetdə dünyaya gətiribmiş - foto

Bu ilin 18 yanvar tarixində Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulmuş körpəsini qətlə yetirməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü T.Əkbərovanın məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə T.Əkbərova Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirli bilinib.

Bildirilib ki, həmin gün T.Əkbərova evin sanitar qovşağında təbii yolla diri dünyaya gətirdiyi qız övladını öldürmək məqsədilə yaşadığı 5-ci mərtəbədəki mənzilin pəncərəsindən yola atıb. Ağır xəsarətlər alan körpə hadisə yerində ölüb. Az sonra yoldan keçən şəxslər asfaltın üzərində körpənin meyitini aşkar edərək məlumat veriblər.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə yenidoğulmuş körpəsini öldürən qadına 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin təyin edilmiş vaxtlarda yaşadığı yeri tərk etməməsi, yaşayış yerini özbaşına dəyişməməsi kimi vəzifələr üzərinə qoyulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ