“Tarqovı”da qadına əxlaqsız hərəkət edən şəxs həbs edildi

Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində - “Tarqovı”da qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, naməlum şəxs sentyabrın 1-də saat 20 radələrində piyadaların hərəkət etdiyi ərazidə mağazadan çıxan iki qadına yaxınlaşıb. O, qadınların birinin geyiminə və bədəninə əl ataraq əxlaqsız hərəkətlər etməyə başlayıb. Qadının qışqırmasını və ətrafa digər şəxslərin yaxınlaşdığını görən şəxs daha sonra qaçaraq ərazidən uzaqlaşıb.

Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin Qobustan rayonu, Şıxzahırlı kənd sakini 1994-cü il təvəllüdlü R.Babayev (şərti) olması müəyyən edilib. O, saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilib və barəsində inzibati protokol tərtib edilib.

Saxlanılan şəxs daha sonra Səbail Rayon Məhkəməsinə aparılıb. O, məhkəmədə deyib ki, hadisə vaxtı həddindən artıq sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməyib: “Həmin gün günorta saat 4-5-də 28 may adlanan ərazidəki kafelərdən birində 10-12 bakal (pivə) spirtli içki içmişdim. Axşam saat 7 radələrində Səbail rayonunda yerləşən Malakan bağına gəldim. Bir müddət orada və yaxınlıqda yerləşən “Tarqovı”da gəzişdim. Saat 8 radələrində oradakı mağazadan 2 qadının çıxdığını gördüm, içkinin təsiri altında öz hərəkətlərimi idarə edə bilmədiyimə görə onlardan birinə yaxınlaşaraq əlimlə toxundum. Daha sonra taksi ilə evə getdim. Ümumiyyətlə içki içən deyiləm, bu əməli törədərkən içki olduğuma görə özümdə olmamışam”.

Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq etmiş şəxsə 5 sutka inzibati həbs cəzası verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ