“Tərtər işi” üzrə ittiham olunan 4 nəfər- Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən budəfəki prosesdə Azərbaycan ordusunun sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğlu, general-mayor Ramil Əsgərov şahid qismində dindirilib.
R.Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə-Vətən müharibəsi başa çatdıqdan sonra vəzifəsindən azad edilib.
General ifadəsində deyib ki, 2017-ci il mayın 7-də rəhbərliyin müvafiq göstərişi ilə Tərtərə gedib, həmin vaxt orada bir sıra hərbçilərə işgəncə verildiyinin şahidi olub: “Mənə göstəriş verilmişdi ki, istintaqa kömək məqsədilə Tərtərə gedim. Bunun da əsas səbəbi rəhbərlik etdiyim idarədə təcrübəli təhqiqatçıların çalışması idi. Orada olduğum müddətdə hərbçilərə qarşı qanunsuz hərəkətlərin şahidi oldum. Məsələn, dindirməyə gətirilənlər əlləri, gözləri bağlı vəziyyətdə saxlanılırdı, pəncərədən atılma halları və sairə.”
Zərərçəkmiş şəxsləri və vəkilləri maraqlandıran əsas məsələ isə generalın hərbçilərə qarşı qanunsuzluqlara müdaxilə edib-etməməsi olub: “Mən orada bəlkə də 10-cu adam idim. Ona görə də kiməsə nə isə deməyimin mənası yox idi...”
Daha sonra vəkillər R.Əsgərova “Bəs sizdən Nəcməddin Sadıkovun bacısı oğlu olduğunuza görə çəkinmirdilər?” sualını ünvanlayıb. O isə “çəkinirdilər” deyə cavab verib.
Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.