Rəşad Dağlı məhkəmədə son sözündə nə deyib?

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda son sözünü deyərkən övladlarının nəzərə alınmasını istəyib.  

Bu barədə APA xəbər verir.

Qeyd olunur ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə öncə Rəşad Dağlının vəkili çıxış edərək müvəkkili barəsində daha yüngül cəza verilməsinin xahiş edib.

Vəkil çıxışında qeyd edib ki, İsgəndər Mehdiyev Rəşad Dağlıya küçə söyüşləri söyüb:

“Bu söyüşlərdən Rəşad affekt halına düşüb. Rəşad Dağlı məhkəmədə və istintaqda həmin anı xatırlamayıb. Mən dəfələrlə psixoloji ekspertizaların keçirilməsi ilə bağlı vəsatət verdim. Mənim iştirakım təmin edilmədi. Hadisə baş verəndən sonra özü təslim olub. Səmimi olaraq peşman olduğunu deyib. Atası və anası işləmir, övladları özəl məktəbdə oxuyurlar. Onun əməlində ağırlaşdırma halı yoxdur. Ona Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə bəraət verilməsini istəyirəm”.

Daha sonra prosesdə Rəşad Dağlı son söz deyib. Rəşad Dağlı son sözündə bildirib ki, onun necə adam olduğunu hamı bilir:

“Dövlətimin, xalqımın yanında olmuşam. Dövlət tədbirlərində iştirak etmişəm. Himayəmdə azyaşlı uşaqlar var, ödənişli təhsil alırlar. Azadlıqdan uzun müddət məhrum edilsəm, övladlarımın təhsil almağı çətinləşəcək. Xahiş edirəm, bunu da nəzərə alasınız”.

Müşavirədən sonra hakim qərarı açıqlayıb: Rəşad Dağlı 9 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ