Çağırışçılara saxta sənəd verən tibb işçisinə cinayət işi açıldı

Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq orqanları tərəfindən hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Bu istiqamətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.

İstintaqla Süleyman Qubadlının 2022-2023-cü illər ərzində qeyd edilən qurumda işləyərkən qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq laborator müayinə üçün onlardan götürülmüş qan nümunələrini dəyişməklə talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri SHXÇDX-nin tabe qurumlarına təqdim edib həqiqi hərbi xidmətdən yayınmalarını təşkil etməsinə və digər qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 32.3, 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ