Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Məlumatı onun vəkili Elnur Vəliyev saytımıza təsdiqləyib.
Vəkil bildirib ki, Q.Səmədov xəstəliyi ilə bağlı vaxtından əvvəl cəzadan şərti olaraq azad olunub:
“Müvəkkilim ürək xəstəliyindən əziyyət çəkir. Ekspert rəyində də bu sübut olunmuşdu. Nizami Rayon Məhkəməsi vəsatətimizi təmin etməsə də, bu gün Bakı Apellyasiya Məhkəmsində hakim Elmar Rəhimov qərardan verdiyimiz şikayəti əsaslı hesab etdi”.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi keçmiş icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə isə 5 il 9 aya endirib.