“Şlyapa Zahid”i 12 ilə qədər həbs gözləyir

DTX tərəfindən həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevə qarşı 4 maddə ilə ittiham irəli sürülüb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, “Şlyapa Zahid” kimi tanınan keçmiş baş zabit Cinayət Məcəlləsinin 193.1 (yalançı sahibkarlıq), 195.2 (qanunsuz kredit alma və kreditdən təyinatı üzrə istifadə etməmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmə qərarını icra etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. O, verilmiş ittihamlarla təqsirli bilinərsə, 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olan Z.Niftəliyev bir müddət əvvəl külli miqdarda rüşvət almaya görə həbs edilmişdi. 20 gün əvvəl Tərtər Hərbi Məhkəməsinin hökmü ilə onun əməli daha yüngül maddəyə tövsif edilib. O, rüşvət verməyə təhrik etmədə təqsirli bilinib və 10 min manat cərimə edilərək məhkəmə zalından birbaşa azadlığa buraxılmışdı.

Hökmdən dövlət ittihamçısı protest verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ