Məşhur MMA döyüşçüsü Hüseynin təhqirinə görə döyülübmüş

İnstaqram sosial şəbəkəsində ən populyar azərbaycanlı, videobloqer Hüseyn Həsənov qalmaqalla gündəmə gəlib.

1news.az xəbər verir ki, bu, 2016-cı ildə dağıstanlı MMA döyüşçüsü Rəsul Mirzayevin döyülməsi ilə bağlıdır.

Belə ki, 2016-cı il dekabrın 30-da Moskvanın gecə klublarının birində Mirzayevlə həmin vaxt Həbib Nurməhəmmədovla dost olan Kamil Allahverdiyevin yaxın adamları arasında münaqişə yaranıb. İnsidentdən sonra Rəsulun evinə naməlum şəxslər hücum edərək onu vəhşicəsinə döyüb və travmatik tapança ilə yaralayıblar.

Həmin vaxt KİV Mirzayevin sözlərinə istinadən yazırdı ki, o, digər MMA döyüşçüsü Artyom Lobovun müdafiəsinə qalxıb. Allahverdiyev Lobova onun Konor Makqreqorla dostluq etdiyinə görə sataşırmış. Lakin sonradan məlum olub ki, Rəsul Mirzayevin vəhşicəsinə döyülməsi ilə nəticələnmiş münaqişə Kamil Allahverdiyevi təhqir edən Hüseyn Həsənova görə başlayıb.

Hazırda məşhur yutuber olan Kamil Allahverdiyev özünün yutub kanalında 2016-cı ildə baş verənləri danışıb.

Allahverdiyevin sözlərinə görə, onun Lobovla söhbəti Makqreqor və Həbibin döyüşünün görmək istəyi ilə bağlı olub.

“Biz Artyomla danışırdıq, birdən musiqi dayandı və arxadan səs eşitdim: “Bu içkili ... nə vaxt onun yanından çəkiləcək?” Çöndüm və arxaya baxdım. Orada bloqer Hüseyn Həsənov dayanmışdı. Pis vəziyyət alındı. Mən çevrildim, o isə mənə baxır və gülümsəyir. Onu yaxasından tutdum. Bloqerin yanında Əli Baqautdinov dayanmışdı. O məni nəsə etməyə qoymadı, aşağı düşməyi təklif etdi. Baqautdinov mənə dedi ki, mən Həsənova heç nə etməyəcəyəm. Cavab verdim: “Sən onun nə dediyini eşitdin?” Əli cavab verdi: “O sənə heç nə deməyib”. Aydındır, başa düşüləndir, onlar bir “kruqda” idi, baxmayaraq ki, o, yanında dayanmışdı və bunu eşitmişdi.

Sonra biz yuxarı qalxdıq. Hüseyni tapdım, qolundan tutub dedim ki, gəl bura. Və o anda hiss etdim ki, kimsə arxadan qolumu var gücü ilə tutdu. Çevrildim, gördüm ki, Rəsuldur. O, ana söyüşü söyərək əlimi Həsənovdan çəkməyimi dedi. Cavab verdim ki, çəkməyəcəyəm. Dava düşdü. O məni vurdu. Orada sirk qurmaq istəmirdim və küçəyə çıxmağa çağırdım”, - Allahverdiyev deyib.

Bloqer əlavə edib ki, klubda və küçədə yenidən əlbəyaxa dava ediblər, onları mühafizəçilər ayırıb. Bundan sonra Mirzayev gedib. Daha sonra Allahverdiyev qisas almaq üçün döyüşçünü döyüb.

Bu videoçarxın yayımlanmasından sonra Kamilin adını çəkdiyi məşhur dağıstanlı MMA döyüşçüsü Əli Baqautdinov da videomüraciət yayıb. O da münaqişənin Hüseyn Həsənov tərəfindən edilən təhqirdən sonra başladığını təsdiqləyib. O, tərəfləri sakitləşdirmək və böyük münaqişənin yaranmaması üçün çalışdığını deyib.

Kamil Allahverdiyev insidentdən sonra İstanbula (Türkiyə) gedib. Onun barəsində cinayət işi açılıb, axtarış elan olunub. Həmin vaxtdan o, Rusiyaya qayıtmayıb.

Bir neçə il əvvəl ehtiyatsızlıq səbəbindən ölümə səbəb olan Rəsul Mirzayev hələ 2011-2012-ci illərdə həbs həyatı yaşayıb. 2016-cı ildəki hadisədən sonra isə karyerası tamamilə bitib.

Maraqlıdır ki, bütün bu illər ərzində KİV münaqişənin Artyom Lobova görə baş verdiyini yazırdı. Hüseyn Həsənovun adı bir dəfə də olsun çəkilməyib. Münaqişənin yaranmasına səbəb olan bloqer isə həm bu illər ərzində, həm də indi susur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ