Bakıda oğlan gecəyarısı sevgilisini döydü - TƏFƏRRÜAT

Bakının Xətai rayonunda 1992-ci il təvəllüdlü Bəhram sevgilisi Gülnarəyə (adlar şərti verilib - red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəhram qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində olduğu Gülnarənin üz və baş nahiyəsindən yumruq zərbələri ilə vurub. 

Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, təxminən 18 aydır Gülnarə ilə qeyri rəsmi münasibətdə birlikdə yaşayırlar: 

“Hadisə baş verən gün, təxminən gecə saat 4 radələrində yaşadığımız evdə olarkən qısqanclıq zəminində aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək qəsdən Gülnarənin üz və baş nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi vuraraq ona xəsarət yetirdim. 

Daha sonra evdən çıxaraq getdim. Mübahisəyə səbəb Gülnarənin mobil telefonuna baxmaq istəyim oldu. Lakin Gülnarə buna icazə vermədi. Spirtli içkinin təsiri altında olduğum üçün onun xəyanət etməsindən şübhələndim. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxsdən üzr istəmişəm, onunla barışmışam”. 

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Bəhramın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ