Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar tutuldu - video

Sosial şəbəkələrdə vətəndaşlara şirnikləndirici vədlər edərək onlara qarşı dələduzluq edən nigeriyalılar saxlanılıb.

DİN-dən bildirilib ki, nazirliyə sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub. Bu məlumatlar dərhal nəzarətə götürülüb.

Müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən teleqram sosial şəbəkəsində həyata keçirilib. Saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq, dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib. Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları Ejiofor Onyekachu Benedict və Emere Onyebuchi Christiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanılıblar.

Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları “Philips Tomas Ben” və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib.

DİN vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyyə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ